|
Dünya
sivilizasiyasının bir hissəsi olan Azərbaycanda
azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə,
ümummilli maraqların ifadəsinə olan tələbat İctimai
Televiziyanın yaranması məsələsini gündəmə gətirdi.
Cəmiyyətin demokratikləşməsi, Azərbaycanın ümumavropa
dəyərlərinə qovuşmaq istəyi İctimai Televiziyanının
yaranmasını labüdləşdirdi. Bu zəmində Avropa Şurasının
tələbi və Azərbaycan ictimaiyyətinin istəyi ilə
İctimai Televiziyanın yaradılması kütləvi müzakirəyə
çevrildi.
Beləliklə, 2004-cü il setyabrın 11-də “İctimai
Televiziya və Radio Yayımı haqqında” Azərbaycan
Respublikası qanununun qəbul edilməsilə şəffaflıq,
qərəzsizlik və ictimai maraq prinsiplərini önə
çəkən İctimai Teleradionun yaradılmasına start
verildi. Qanun İctimai TV-nin müstəqil, tərəfsiz,
qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını,
plüralizm, dözümlülük, rəngarənglik və başqalarından
fərqlənmək prinsiplərini əsas götürür.
İctimai
Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən
uğur üçün keyfiyyəti qurban verməməli, dini və
milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə
hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin
qurucusu olmalıdır.
Əhalinin bütün təbəqələrini dəqiq və qərəzsiz
informasiya ilə təmin etmək pinsipini irəli sürən
“İctimai Televiziya və Radio Yayımları haqqında”
qanuna əsasən bütün sosial qrupların maraqlarını
təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat
Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları,
qadın cəmiyyətləri, idman federasiyaları, dini
konfessiyalar və yaradıcılıq təşkilatları hər
biri iki nəfər olmaqla Yayım Şurası üzvlüyünə
namizəd irəli sürdülər.
2005-ci ilin mart ayında parlament qanuna müvafiq
olaraq YŞ-nın üzvlərini formalaşdırdı. Yayım Şurasının
üzvləri qeyd olunan müxtəlif təşkilatları təmsil
etmələrinə baxmayaraq, onlar cəmiyyətin ümumi
maraqlarına xidmət edir.
Beləliklə, Yayım Şurası üzvləri öz aralarından
Cahangir Məmmədlini sədr seçdilər. Növbədə isə
İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktorunun seçimi dururdu. Namizədliyi irəli
sürülənlərin 5 il televiziya və idarəetmə təcrübəsi
olmalı, informasiya texnologiyalarına bələd olmalı,
Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası,
milli-mənəvi dəyərləri barədə geniş bilgisi olmalı
idi. Beləliklə, 2005- ci il aprelin 16-da YŞ-nın
9 üzvünün 6 səsini qazanan İsmayıl Ömərov İctimai
Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor
seçildi.
İctimai Televiziyaya baş direktor seçkisindən
sonra televiziyanın quruculuq işlərinə başlandı.
Baş direktor seçkisindən ötən çox qısa zaman kəsiyində
- 2-3 aya analoqu olmayan işlər görüldü. TV məkanında
ilk dəfə olaraq işə qəbul qanunda nəzərdə tutulmadığı
halda müsabiqə yolu ilə keçirildi və televiziyaya
sadiq, peşəkar, yenilikçi, tərəfsiz, azad fikirli
jurnalistlərə üstünlük verildi.
Paralel olaraq TV-nin yerləşdiyi binada yenidənqurma
işlərinə başlandı. Çox qısa zaman kəsiyində təmir-tikinti
işləri görüldü və texniki təchizat məsələləri
həll edildi.
Beləliklə, 2005-ci il 29 avqust tarixində İTRYŞ-nın
açılış mərasimi gerçəkləşdi. Mərasimdə Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev, nazirlər
və komitə sədrləri, dövlət və hökümət nümayəndələri,
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların
rəhbərləri, ictimai-siyasi təşkilatların nümayəndələri
və digər şəxslər iştirak etdilər.
Açılış mərasimi İctimai Televiziya ilə canlı yayımlandı.
İTV-nin baş direktoru
İsmayıl Ömərov çıxış edərək televiziyanın
açılışı münasibətilə Azərbaycan xalqını təbrik
etdi.
Mərasimdə çıxış
edən prezident İlham Əliyev İTV-nin
Azərbaycan efir məkanında özünəməxsus yer tutacağını
və qısa müddət ərazində tamaşaçıların rəğbətini
qazanacağını qeyd etdi.
Nəhayət, prezident İctimai Televiziyanın simvolik
pultunu işə saldı.
Bununla da Azərbaycan efir məkanına XALQIN TELEVİZİYASI
olan İCTİMAİ TELEVİZİYA DAXİL OLDU. |