|
"İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA"
AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİNİN F Ə R M A N I
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Müəyyən edilsin ki, ictimai
televiziya və radio yayımı Azərbaycan dövlət televiziyasının
2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci
kanalı əsasında həyata keçirilir.
2.Azərbaycan dövlət televiziyasının 2-ci kanalı
və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün
əmlakı və avadanlığı ilə birlikdə ictimai televiziya
və radio yayımının Yayım şurasına İctimai Televiziya
və Radio Yayımları Şirkətinin yaradılması üçün
verilsin.
3. Müəyyən edilsin ki:
3.1. "İctimai televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikası Qanununun 17.2.5-17.2.9-cu
maddələrində nəzərdə tutulmuş təşkilatlar qruplarında
Yayım şurasının üzvlüyünə namizədlərin irəli sürülməsi
işinin təşkilini Milli Televiziya və Radio Şurası
həyata keçirir;
3.2. həmin Qanunun 22.1-ci, 22.2-ci, 22.3-cü və
22.4-cü maddələrində nəzərdə tutulmuş "televiziya
və radio yayımı sahəsində müvafiq dövlət orqanı"nın
səlahiyyətlərini Milli Televiziya və Radio Şurası
həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə olan qanunvericilik aktlarının "İctimai
televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
4.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
4.3. "İctimai televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikası Qanununun pozulmasına
görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik
aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
4.4. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş
məqsədlə Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Şirkətinə məxsus əmlakın və avadanlığın
bölüşdürülməsi üçün komissiya yaratsın və əmlak
bölgüsünü təşkil etsin;
4.5. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Şirkətinin statusu və gələcək fəaliyyəti ilə bağlı
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
4.6. Azərbaycan İctimai Televiziya və Radio Yayımları
Şirkətinin maliyyələşdirilməsinə dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
4.7. öz səlahiyyətləri daxilində "İctimai televiziya
və radio yayımı haqqında" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına,
Azərbaycan Milli Elmlər Akademiyasına, Mətbuat
Şurasına, Sahibkarlar Şurasına, gənclər təşkilatlarına,
qadın cəmiyyətlərinə, idman federasiyalarına,
dini konfessiyalara və yaradıcıq təşkilatlarına
tövsiyə edilsin ki, bir ay müddətində Yayım şurasının
üzvlüyünə namizədlərin irəli sürülməsini təmin
etsinlər.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının
Prezidenti Bakı şəhəri, 5 noyabr 2004-cü il |