|
Bu, adi bir təşkilatın, şirkətin
yaranması, doğum tarixi deyil. Bu neçə illərdən
bəri ən gərgin diskussiyaların baş mövzusu olan,
müxtəlif dairələrdə müzakirə edilən, bütün xalqı,
ictimaiyyəti maraqlandıran, uzun müddət gündəmdən
düşməyən, hamının həsrətlə, intizarla, bəlkə də
inadkarlıqla gözlədiyi yeni demokratik, şəffaf
bir institutun yaranması günüdür. Mətbuat, elektron
kütləvi informasiya vasitələri bəlkə yeganə sahədir
ki, onlardan heç bir korluq çəkmirik. Saysız-hesabsız
qəzetlərimiz, çoxlu teleradio kanallarımız var.
Amma zənnimcə, əsas məsələ sayda, kəmiyyətdə deyil.
Açıq etiraf edək ki, qəzet və jurnal, televiziya
və radio bolluğuna baxmayaraq, yenə də tərəfsiz
və qərəzsiz, obyektiv informasiyaya ehtiyacımız
böyükdür. Məhz buna görə də Azərbaycanın efir
məkanında yerimiz dar olmayacaq. Əksinə, efir
məkanındakı boşluqları doldurmağa ciddi ehtiyac
duyulur və İctimai Televiziya da bu ehtiyacdan
yaranıb.
Şirkətin yaranma tarixindən geniş
danışmağa lüzum görmürəm. Yəqin çoxlarının yetərincə
məlumatı var. Ona görə də yalnız xüsusi açıqlamaya
ehtiyacı olan bir neçə məqam üzərində dayanmaqla
kifayətlənəcəyəm. Keçdiyimiz yol əslində çox uzun
və həm də qısa yoldur. Uzundur ona görə ki, neçə
ildir İctimai Televiziya ətrafında gərgin müzakirələr
aparılır.Qısadır ona görə ki, onun ərsəyə gətirilməsinə
cəmi 3 ay vaxt verildi. Hamı bilirdi ki, bu mümkün
deyil. Çünki teleradio öz strukturuna görə çox
mürəkkəb bir sahədir. Burada bir-birilə qırılmaz
surətdə bağlı olan texniki - təsərrüfatı və yaradıcı
işləri eyni ahənglə qurmaq bacarığı tələb olunur.
Açığını deyim ki, İctimai Teleradionu
qurmaq üçün ayrılan vaxtın təxminən bir ayı da
müəyyən səbəblər ucbatından hədər getdi. Xeyli
müddət Radiozavoda ayaq döydük. Necə deyərlər,
hətta "prorablıq" etdik, layihə hazırlatdıq. Ora
namünasib olduğundan daha sonra keçmiş "Ozon"
zavodunun inzibati binasında "məskunlaşdıq". Yalnız
iki ay əvvəl həmin binanın təmirinə, studiyaların
qurulmasına başladıq və avadanlıq sifariş etdik.
Bütün bunlar azmış kimi, şirkətin
yarandığı ilk gündən bizə qarşı fasiləsiz mənəvi
təzyiqlər, basqılar başladı. İstər rəsmi, istərsə
də qeyri-rəsmi dairələrdən işimizə mane olmaq,
İctimai Teleradionun efirə çıxmasını əngəlləmək
istəyənlər vardı. Mən dəfələrlə öz müsahibələrimdə
demişəm yenə də təkrar edirəm, İctimai Teleradionun
yaranmasında ən böyük qayğı göstərən, onun ən
böyük təəssübkeşi, himayədarı cənab Prezidentdir.
Ona görə də cənab Prezidentə bütün kollektivimiz
adından dərin təşəkkürümü bildirirəm.
Bilirsiniz, qeybət etmək asan,
iş görmək çətindir. Mənim barəmdə, ümumən başçılıq
etdiyim şirkət barəsində mətbuat, ayrı-ayrı televiziyalar
tərəfindən yayılan iftira və böhtanlara cavab
verməyə sadəcə vaxtımız yox idi. Biz əslində qeyri-mümkün
olan bir işə başlamışdıq və bunu bacardıq. Bədxahlarımıza
cavabımız da gördüyümüz bu nəhəng işdir, İctimai
Teleradionun nəzərdə tutulan vaxt efirə çıxmasıdır.
Çünki bilirdik: bu televiziya xalqa lazımdır,
xalq efirə çıxmağımızı intizarla gözləyir. Şükürlər
olsun ki, bu intizara son qoya bildik.
Biz, cəsarətlə deyə bilərəm ki,
çox çətin bir vəzifənin öhdəsindən layiqincə gəldik.
Cəmi 2-3 ay ərzində çox mürəkkəb mexanizmi işə
sala bildik. Eyni zamanda xeyirxahlarımızı da,
bədxahlarımızı da tanıdıq. Xalqımızın dəstəyi,
xalqımızın istəyi qarşısında sonuncular təbii
ki, aciz və pərişan qaldı. Biz millətimizin arzuladığı
ən şəffaf və demokratik evin, cəmiyyətin arzusunda
olduğu müasir bir institutun təməlini qoyduq.
Şirkəti qurmaq, texniki problemləri
nizamlayıb həll etmək məsələnin yalnız bir tərəfidir.
Biz öz yüksək peşəkarlığı, milli-mənəvi dəyərlərimizdən
qaynaqlanan dərin elmi-publisistik məziyyətləri,
estetik tələblərə cavab verən, cəlbedici formatı
ilə seçilən verilişlər hazırlamasaq, gördüyünüz
bu quruculuq işlərinin və ən müasir texnikanın
belə, heç bir dəyəri olmaz. Biz tamaşaçılarımızı,
dinləyicilərimizi ən müasir televiziya avadanlığı
və cəlbedici tikinti- abadlıq işlərimizlə deyil,
verilişlərimizlə əyləndirmək, sevindirmək və hətta
heyrətləndirmək istəyirik. Ona görə də bütün əməkdaşlarımız
ciddi yaradıcılıq axtarışındadır. Heç şübhəsiz,
İctimai Teleradio ən obyektiv və operativ informasiya
mənbəyi olacaq. Elmi-publisistik proqramlarımızla
böyük auditoriyanın maarifləndirilməsinə, cəmiyyəti
düşündürən problemlərin həllinə öz töhfəmizi verəcəyik.
Yeri gəlmişkən, müəyyən dairələrin
ciddi-cəhdlə formalaşdırmaq istədikləri yanlış
rəyə də münasibət bildirmək istərdim. Düzdür,
Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə
İctimai Televiziya ilə bağlı öhdəlik götürmüşdü.
Lakin, buna sadəcə öhdəlik, yaxud sifariş kimi
baxmaq doğru olmaz. Bu getdikcə demokratikləşən
mühitdən, vətəndaş cəmiyyəti quran Azərbaycan
xalqından gələn sifarişdir. Cəmiyyətin bu gün
sözün əsl mənasında tərəfsiz, qərəzsiz telekanala,
obyektiv, doğru- dürüst informasiyaya ehtiyacı
var. Bir qədər əvvəl dediyim kimi, İctimai Teleradionun
həyata vəsiqə almasını şərtləndirən əsas amil
də məhz budur.
Təkcə şirkətimizin kollektivi
üçün deyil, bütün xalqımız üçün çox xoş olan bir
gündə onu da ürəkağrısı ilə xatırlayıram ki, bəziləri
bizi xaricilərlə, Avropa Şurası ilə, ATƏT-lə hədələyir,
qorxudurdular. Bəs reallıq necədir? Elə ki, həmin
əcnəbilər şirkətə gəlib əzəmətli işlərimizi öz
gözləri ilə gördülər, yanlış təsəvvürləri dərhal
alt-üst oldu. Tam səmimi deyirəm: bu həyətə, binaya,
otaqlarımıza ayaq basan hər bir əcnəbi işimizdən
razı qalıb, heyranlığını gizlətməyib. Bəli, biz
avropalıları da heyrətləndirməyi bacarırıq. Bunun
özü də bədxahlarımıza tutarlı cavabdır. Necə deyərlər,
görünən dağa bələdçi nə lazım?
Çox haqlı olaraq televiziyanı
dünyaya açılan pəncərə adlandırırlar. Bu pəncərədən
Azərbaycan həqiqətləri, xalqımızın tarixi, milli-azadlıq
mücadiləsi, zəngin mədəniyyəti, onun ölməz musiqisi,
ədəbiyyatı və incəsənəti aydın və parlaq çalarlarla
görünəcək. Azad sözün, azad fikrin carçısı olan
İctimai Teleradioda xalqın fikri, ictimaiyyətin
mövqeyi əsas götürüləcək. "İctimai qəzet"in bu
sayında verilişlərimizin ilk həftəsinin proqramı
dərc olunub. Proqramımızı tərtib edərkən ilk növbədə
ictimai rəyi əsas götürmüşük. Yeri gəlmişkən deyim
ki, şirkətimizdə ictimai rəyi öyrənən xüsusi bölmə
fəaliyyət göstərir və artıq ilk sosioloji sorğu
keçirmişik. Bu iş mütəmadi davam etdiriləcək və
sorğuların nəticələrinə uyğun olaraq proqramlarımızda
müvafiq dəyişikliklər ediləcək.
Əlbəttə, biz baş verənləri bir
seyrçi kimi müşahidə edib onu naturalistcəsinə
efirə verməklə öz missiyamızı bitmiş hesab etmirik.Çalışacağıq
ki, İctimai Teleradio milli həmrəyliyin, vətəndaş
cəmiyyətinin yaranmasında bir mərkəz, demokratik
institut rolunu oynasın. Hamını əmin edirəm ki,
bu, belə də olacaq.
Bu gün İctimai Televiziya Azərbaycanın
hər bir guşəsinə, hər bir mənzilə qədəm qoyacaq.
Biz fəxr edir və qürur duyuruq ki, bu möhtəşəm
hadisənin iştirakçısı, yeni tipli TV-nin və radionun
qurucularıyıq. Biz xalq üçün işləyəcəyik. Ümid
edirik ki, başladığımız bu məsuliyyətli işdə xalqımız
da bizi dəstəkləyəcək, bizə arxa olacaq.
Biz müstəqil Azərbaycanın tam
müstəqil demokratik İctimai Televiziyasının və
Radiosunun əməkdaşlarıyıq. Ekrandan, efirdən dünyaya
açılan bu yeni pəncərədə siz həmişə azad fikrin,
azad sözün, aydın və obyektiv mövqeyimizin şahidi
olacaqsınız. Düzü düz, əyrini əyri göstərəcəyik.
Ekranımız xalqın gözü, efirimiz xalqın
səsi olacaq! |