|
2004-11-09 İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
I fəsil Ümumi müddəalar
Maddə 1. İctimai televiziya və radio yayımının məqsədi
İctimai televiziya və radio yayımının məqsədi
Azərbaycan Respublikası əhalisinin - bütövlükdə
cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin
sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər
sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz
və fikir azadlığını, müxtəlif baxış və əqidələri
əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış
informasiyalar hazırlamaq, bu informasiyaları
müasir texniki və keyfiyyət standartlarına uyğun
şəkildə yayımlamaqdır.
Maddə 2. İctimai televiziya
və radio yayımı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
2.1. İctimai televiziya və radio yayımı haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan,
bu qanunun tələblərinə uyğun olaraq hazırlanmış
digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə bu qanundan fərqli qaydalar
müəyyənləşdirilərsə, həmin beynəlxalq hüquq normaları
tətbiq olunur.
Maddə 3. İctimai yayım
xidmətinin prinsipləri
3.0. İctimai yayım xidməti aşağıdakı prinsiplər
əsasında fəaliyyət göstərir:
3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi
və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin
edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.
II fəsil İctimai yayım xidmətinin təşkili
Maddə 4. İctimai yayımçının hüquqi statusu
4.1. İctimai yayımçı kənar müdaxilə olmadan müstəqil
fəaliyyət göstərən hüquqi şəxsdir.
4.2. İctimai yayımçı öz əmlakı üzərində sahiblik,
istifadə və sərəncam hüququna malikdir, bu əmlakdan
yalnız ictimai yayımın məqsədləri üçün istifadə
edə bilər.
4.3. İctimai yayımçı əmlakdan səmərəli istifadə
olunmasına nəzarət edir, onun qorunmasına məsuliyyət
daşıyır.
4.4. İctimai yayımçının əmlakı özəlləşdirilə,
girov qoyula, yaxud bu qanunla müəyyənləşdirilmiş
hallardan başqa, satıla bilməz.
4.5. İctimai yayımçının əmlakı yalnız yeniləşdirilmək
və genişləndirilmək məqsədi ilə satıla bilər.
4.6. İctimai yayımçı verilişlərinin forma və məzmununu
özü müəyyən edir və yayımladığı proqramlar üçün
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət
daşıyır.
4.7. İctimai yayımçının adı - İctimai Televiziya
və Radio Yayımları Şirkətidir.
4.8. İctimai Televiziya və Radio Yayımları Şirkəti
bu qanun, "Kütləvi informasiya vasitələri haqqında",
"Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikasının qanunları və bu qanunun tələblərinə
uyğun şəkildə hazırlanıb Yayım şurası tərəfindən
təsdiq olunan Nizamnamə əsasında fəaliyyət göstərir.
Maddə 5. İctimai yayım
fəaliyyətinə lisenziya verilməsi və tezliklərin
ayrılması
İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz
və ödənişsiz lisenziya verilir və tezlik ayrılır.
Maddə 6. İctimai yayımçının
hüquqları
6.0. İctimai yayımçının aşağıdakı hüquqları vardır:
6.0.1. özünün yayım xidmətlərini yaratmaq;
6.0.2. əhalinin ümumi maraqlarını əhatə edən proqramlar
(verilişlər) hazırlamaq, bədii, sənədli, cizgi
filmləri, habelə seriallar çəkmək, onları yayımlamaq,
audio və video yazılarını çoxaltmaq, satmaq və
ya icarəyə vermək;
6.0.3. reklam fəaliyyəti ilə məşğul olmaq;
6.0.4. ölkə ərazisində və xaricdə özünün müxbir
məntəqələrini, filial və nümayəndəliklərini açmaq;
6.0.5. teleradio yayımı ilə bağlı istənilən mətbu
nəşrin təsisçisi olmaq;
6.0.6. öz verilişlərinin proqramını dərc etmək
və ya bu hüququ üçüncü şəxsə vermək;
6.0.7. özünün ötürücü qurğular şəbəkəsindən istifadə
etmək, bu funksiyanı digər subyektə həvalə etmək
və ya ötürücü qurğular şəbəkəsini icarəyə vermək;
6.0.8. proqramlarını peyk rabitəsi, kabel şəbəkəsi,
yaxud digər yerüstü texniki qurğular vasitəsilə
ölkənin bütün ərazisinə ötürmək;
6.0.9. əlavə informasiya, internet və digər yayım
xidmətləri, yaxud texnologiyanın ən yeni sahələrində
fəaliyyət göstərmək;
6.0.10. özünün arxiv materiallarını ölkədaxili
yayımçılara və ya yayımdankənar subyektlərə icarəyə
vermək;
6.0.11. əlavə və ya tamamlayıcı xidmətlər, o cümlədən
xarici dillərdə informasiya xidməti göstərmək
üçün üçüncü şəxslərlə əməkdaşlıq etmək, yaxud
üçüncü şəxsin bu sahəyə ayırdığı nizamnamə kapitalındakı
payını əldə etmək;
6.0.12. nizamnamə vəzifələrini yerinə yetirmək
üçün zəruri olan və qanunla qadağan edilməyən
digər fəaliyyətlə məşğul olmaq.
Maddə 7. İctimai yayımçının
vəzifələri
7.0. İctimai yayımçının vəzifələri aşağıdakılardır:
7.0.1. ölkədə və dünyada baş verən mühüm hadisələr,
dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların,
ictimai birliklərin, dini qurumların və kommersiya
təşkilatlarının fəaliyyəti barədə vətəndaşların
qərəzsiz və tarazlaşdırılmış informasiya almaq
hüququnun həyata keçirilməsi;
7.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub
inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı
və əyləndirici proqramlar vasitəsilə vətəndaşların
maraqlarının təmin olunması;
7.0.3. Azərbaycan və dünya müəlliflərinin əsərləri
üzrə yüksək sənətkarlıq nümunəsi olan tamaşaların,
bədii, sənədli və cizgi filmlərinin, serialların,
incəsənət əsərlərinin, mühüm tarixi və mədəni
tədbirlərin lentə alınması və gələcək nəsillər
üçün ictimai yayımçının qızıl fondunda saxlanması;
7.0.4. hazırlanıb efirə verilən proqramlarda vətəndaşların
öz fikirlərini bildirməsi üçün bərabər imkanlar
yaradılması;
7.0.5. vətəndaşların cavabvermə hüququnun təmin
edilməsi;
7.0.6. informasiyanın tərəfsizliyinin, qərəzsizliyinin
və doğru-dürüstlüyünün təmin edilməsi;
7.0.7. pornoqrafik materialların, zorakılığı,
qəddarlığı, dini və irqi ayrı-seçkiliyi təbliğ
edən proqramların yayımlanmaması;
7.0.8. vətəndaşların şəxsi həyatına, şərəf və
ləyaqətinə hörmətlə yanaşılması;
7.0.9. yayım zamanı peşə etikasına riayət olunması.
Maddə 8. İctimai yayım
xidmətlərində kadrların seçilməsi və əmək müqavilələrinin
bağlanması
8.1. İctimai yayım xidmətlərinin rəhbərləri, baş
redaktorlar, baş rejissorlar müsabiqə əsasında
seçilir, Yayım şurası tərəfindən sadə səs çoxluğu
ilə təsdiq olunurlar.
8.2. Müsabiqə komissiyasının yaradılması və müsabiqənin
keçirilməsi qaydaları, əmək müqaviləsinin şərtləri
qanunvericiliyə uyğun olaraq baş direktor tərəfindən
hazırlanıb təsdiq edilir.
8.3. Yayım şurası müsabiqə əsasında seçilmiş yayım
xidmətlərinin rəhbərlərini təsdiq etmədikdə bu
qanunun
8.1-ci maddəsində göstərilən qaydada yeni namizədlər
seçilir. Əgər Yayım şurası seçilmiş namizədləri
ikinci dəfə təsdiq etməzsə, baş direktor həmin
namizədləri birbaşa təyin edə bilər.
8.4. İctimai yayım xidmətində işə götürülən, irəli
çəkilən və ya ictimai yayımın başqa xidmətlərində
daha yüksək vəzifəyə təyin olunan kadrlara irqinə,
cinsinə, dini mənsubiyyətinə, yaxud siyasi baxışlarına
görə məhdudiyyət qoyula bilməz.
8.5. İşçi öz vəzifəsindən şəxsi məqsədlər üçün,
yaxud siyasi partiyaların, kommersiya və digər
təşkilatların məqsədləri üçün istifadə edə bilməz.
8.6. İşçi ictimai yayımçının razılığı olmadan
dövlət orqanlarından, kommersiya qurumlarından
və digər təşkilatlardan təlimat ala, onların tapşırığını
yerinə yetirə bilməz.
Maddə 9. İctimai yayım
sənədlərinin saxlanması
9.1. İctimai teleradio verilişlərinin materialları
(lent yazıları, əlyazmaları, məktublar, qoşma
sənədlər) televiziya və radio yayımı haqqında
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və
müddətdə saxlanılır.
9.2. İctimai yayımçı:
9.2.1. daxili tənzimləyici sənədləri;
9.2.2. əmlak üzərində hüquqlarını təsdiq edən
sənədləri;
9.2.3. Yayım şurasının və Direktorlar şurasının
iclaslarının protokollarını;
9.2.4. Baş direktorun əmr və sərəncamlarını;
9.2.5. təftiş və audit yoxlamalarının nəticəsi
barədə aktları və arayışları;
9.2.6. işçilərlə bağlanmış əmək müqavilələrini;
9.2.7. mühasibat sənədlərini;
9.2.8. bank, maliyyə və məhkəmə sənədlərini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada və müddətdə saxlayır.
Maddə 10. İctimai yayım
fəaliyyətində şəffaflıq
10.1. İctimai yayımçının iqtisadi fəaliyyətinin
şəffaflığını təmin etmək məqsədilə cari və ya
Yayım şurasının qərarı əsasında fövqəladə audit
yoxlamalar keçirilir.
10.2. Təftiş və ya audit yoxlamaların nəticələri
kütləvi informasiya vasitələrində dərc olunur.
III fəsil İctimai yayım proqramları
Maddə 11. İctimai yayım
proqramlarında rəsmi məlumatların verilməsi
11.1. İctimai yayımçı rəsmi məlumatları heç bir
dəyişiklik etmədən efirə verir. "Rəsmi məlumat"
dedikdə insanların həyatı, sağlamlığı və yaşayış
məntəqələrinin normal fəaliyyəti üçün təhlükə
törədən fövqəladə hallar, təbii fəlakətlər və
qəzalar barədə dövlət hakimiyyəti orqanlarının
verdikləri xəbərlər, habelə cəmiyyətin bilgiləndirilməsi
üçün zəruri olan, dövlət hakimiyyəti orqanlarının
rəsmi mövqeyini əks etdirən açıqlamalar, bəyanat
və məlumatlar başa düşülür.
11.2. İctimai yayımçı rəsmi məlumatların məzmununa
görə məsuliyyət daşımır.
Maddə 12. İctimai yayım
proqramlarının dili
12.1. İctimai yayım proqramları, bir qayda olaraq,
Azərbaycan Respublikasının dövlət dilində yayımlanır.
"Proqramların dili" dedikdə qaçan sətirlər (subtitr)
və təsviri (mətni) açıqlayan səs başa düşülür.
12.2. Xarici dildə hazırlanan proqramlar, bu dildəki
tədris və retranslyasiya edilən proqramlar istisna
edilməklə, Azərbaycan dilində subtitrlərlə müşayiət
olunur, bədii, sənədli filmlər, çıxışlar və s.
Azərbaycan dilinə tərcümə edilir.
12.3. İctimai yayım proqramlarına Azərbaycan Respublikasının
ərazisində yaşayan milli azlıqların dillərində
verilişlər daxil edilir.
Maddə 13. İctimai yayım
proqramlarına verilən tələblər
13.1. İctimai yayımçı bu qanunla müəyyənləşdirilmiş
məqsədlərini həyata keçirmək üçün proqramlar hazırlayarkən
cəmiyyətdəki siyasi əqidələri, dini baxışları,
ictimai fikir və rəyin müxtəlif cərəyanlarını,
habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini
nəzərə almalıdır.
13.2. Proqramlar milli-mənəvi dəyərləri, milli
adət və ənənələri, mədəniyyət və incəsənətin bütün
rəngarəngliyini özündə əks etdirməlidir.
13.3. İctimai yayım proqramlarında siyasi baxışların
birtərəfli qaydada üstünlüyünə və ya təbliğatına
yol verilmir. Plüralizm və dözümlülük prinsipinə
uyğun olaraq cəmiyyətdəki müxtəlif nəzər nöqtələri,
problemlərə yanaşma, şərhlər və analitik təhlillər
alternativ əsaslarla və diskussiya formasında
aparılır.
13.4. Yeni və orijinal teleradio məhsullarının
yaradılmasına, bədii filmlərin, serialların, teleradio
tamaşalarının efirə verilməsinə diqqət artırılmalıdır.
13.5. Dünya ölkələrinin ən yaxşı seriallarının,
bədii, sənədli və cizgi filmlərinin Azərbaycan
dilinə çevrilərək tamaşaçılara çatdırılmasına
şərait yaradılmalıdır.
13.6. Proqramlarda Azərbaycanda istehsal olunan
kino, tele, video və radio məhsullarının yayımlanmasına
üstünlük verilir.
13.7. Proqramlarda istifadə olunan informasiyaların
məzmunu, mənbəyi və ədalətliliyi araşdırılıb dəqiqləşdirilməlidir.
13.8. Xəbərlər proqramında informasiyalar əhatəli,
tərəfsiz, qərəzsiz, müstəqil olmalı, cəmiyyətdəki
fərqli nöqteyi-nəzərlərə uyğun hazırlanmalı, şərhlər
informasiyadan dəqiq şəkildə seçilməlidir.
13.9. İctimai yayım proqramlarında ölkənin digər
yayımçılarının proqramlarından ödənişsiz sitat
və fraqmentlər gətirilə bilər, bu şərtlə ki, həmin
sitat və fraqmentlərin ümumi həcmi 90 saniyədən
çox olmasın və təsvirin üstündə emblemi göstərilməklə
mənbəyi açıqlansın.
Maddə 14. İctimai yayım
zamanı reklama verilən tələblər
14.1. Yayımlanan reklamın xüsusi nişanı olmalı,
televiziyada görüntülü, radioda səsli vasitələrlə
proqramın başqa hissələrindən birmənalı şəkildə
fərqlənməlidir.
14.2. Reklamlar proqramların məzmununa, reklamçılar
ictimai yayımçının müstəqilliyinə təsir göstərməməlidirlər.
14.3. Müntəzəm olaraq xəbərlər proqramı, yaxud
müasir siyasi mövzularda veriliş aparan şəxslər
teleradio reklamlarında çıxış edə bilməzlər.
14.4. Reklam ayrı-ayrı verilişlərin arasında blok
şəklində efirə verilir.
14.5. Müstəqil hissələrdən ibarət televerilişlərdə,
idman proqramlarında, fasilələrlə gedən tədbirlərin
və tamaşaların yayımında reklam yalnız müstəqil
hissələrin arasında və ya fasilələrdə verilə bilər.
14.6. Ayrıca verilişlərdə bir reklam blokunun
sonu ilə o biri reklam blokunun əvvəli arasındakı
zaman kəsiyi bu qanunun 14.8-ci maddəsində göstərilən
hallardan başqa, 30 dəqiqədən az olmamalıdır.
14.7. Xəbərlər proqramı, dini və uşaq verilişləri,
həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli
proqramlar, aktual siyasi verilişlər, sənədli
filmlər reklamla kəsilə biliməz.
14.8. Bədii və televiziya filmləri, 45 dəqiqədən
bir və ya bir neçə 45 dəqiqə çox çəkən fasiləsiz
proqramlar yalnız hər 45 dəqiqədən sonra reklamla
kəsilə bilər. Proqramların nümayişi bir və ya
bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkdikdə
əlavə olaraq bir reklam da verilə bilər.
14.9. Reklamına Azərbaycan Respublikasının qanunvericiliyi
ilə məhdudiyyətlər qoyulmuş, o cümlədən uşaqların
fiziki, əqli və mənəvi inkişafına ciddi zərbə
vuran məhsulların reklamı qadağandır.
14.10. Proqramlar arasında teleticarət reklamı
yerləşdirilə bilər, bu şərtlə ki, alqı-satqı,
xidmət və icarə barədə birbaşa təkliflər edilən
reklamın ümumi həcmi gün ərzində 30 dəqiqədən
çox olmasın.
14.11. Reklam ictimai yayım proqramlarının gündəlik
həcminin 15 faizindən, bir saat ərzində reklam
çarxının ən yüksək həddi 9 dəqiqədən çox olmamalıdır.
14.12. Radioda reklamların gündəlik həcminin ümumi
müddəti 90 dəqiqədir.
Maddə 15. İctimai yayım
xidmətinə sponsorluq
15.1. Bütövlükdə, yaxud qismən sponsor yardımı
ilə hazırlanan verilişlərin əvvəlində və sonunda
onların kim tərəfindən maliyyələşdirildiyi açıq
diktor mətni, yaxud subtitrlər vasitəsilə elan
olunmalıdır. Bağlanmış müqaviləyə uyğun olaraq
verilişdə sponsorun elan edilməsi üçün onun emblemini,
firma nişanını göstərmək, yaxud digər formalardan
istifadə etmək olar.
15.2. Sponsor verilişlərin məzmununa, yerləşdirilməsinə,
ictimai yayımçının məsuliyyətinə və müstəqilliyinə
təsir göstərə bilməz.
15.3. Sponsorun maliyyə yardımı ilə hazırlanmış
verilişlərdə sponsorun və ya üçüncü şəxsin mallarının
(xidmətlərinin) alqı-satqısına, yaxud icarəsinə
təhrikə yol verilməməlidir.
15.4. Reklamı qadağan olunmuş malların (xidmətlərin)
sahiblərinin, yaxud bu malların alqı-satqısını,
icarəsini həyata keçirən şəxslərin sponsorluğuna
yol verilmir.
15.5. Xəbərlər və müasir siyasi mövzularda hazırlanan
proqramlar sponsorluq predmeti ola bilməz.
IV fəsil İctimai yayım xidmətinin idarə olunması
Maddə 16. İctimai yayımçının səlahiyyətlərinin həyata
keçirilməsi
16.1. İctimai yayımçının bu qanunla müəyyən edilən
səlahiyyətləri Yayım şurası və baş direktor tərəfindən
həyata keçirilir.
16.2. Yayım şurasının üzvləri, baş direktor və
onun müavinləri heç bir siyasi partiyanın üzvü
ola bilməzlər.
Maddə 17. Yayım şurasının
formalaşdırılması
17.1. Yayım şurası proqramların yayımı zamanı
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə
əməl edilməsi üzərində nəzarəti həyata keçirən
və bu sahədə həlledici qərarlar qəbul etmək səlahiyyətinə
malik olan nəzarətedici orqan kimi yaradılır.
17.2. Yayım şurasının üzvlüyünə aşağıdakı təşkilatlar
(təşkilatlar qrupu) hər biri ümumi yığıncaqda
sadə səs çoxluğu ilə iki namizəd irəli sürür və
təsdiq edilmək üçün Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edirlər:
17.2.1. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;
17.2.2. Azərbaycan Milli Elmlər Akademiyası;
17.2.3. Mətbuat Şurası;
17.2.4. Sahibkarlar Şurası;
17.2.5. gənclər təşkilatları;
17.2.6. qadın cəmiyyətləri;
17.2.7. idman federasiyaları;
17.2.8. dini konfessiyalar;
17.2.9. yaradıcılıq təşkilatları.
17.3. Bu qanunun 17.2.5-17.2.9-cu maddələrində
göstərilən təşkilatlar qrupu namizəd seçmək üçün
hər birindən bərabər sayda nümayəndə olmaqla birgə
ümumi yığıncaq keçirir, namizədlər bu yığıncaqda
sadə səs çoxluğu ilə seçilirlər. Əgər birgə ümumi
yığıncaq vahid namizədlər seçmək üçün razılığa
gələ bilməzsə, iştirakçıların hər birindən bir
nəfər olmaqla namizədlərin vahid siyahısı tərtib
olunur, bu siyahı birgə ümumi yığıncaqda təsdiq
edilərək Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edilir.
17.4. Azərbaycan Respublikasının Milli Məclisi
bu qanunun 17.2-ci maddəsində göstərilən təşkilatların
(təşkilatlar qrupunun) hərəsindən bir namizəd
olmaqla 9 nəfərdən ibarət tərkibdə 17.2.1-17.2.3-cü
maddələrdə göstərilən təşkilatların namizədlərini
6 il, 17.2.4-17.2.6-cı maddələrdə göstərilən təşkilatların
(təşkilatlar qrupunun) namizədlərini 4 il, 17.2.7-17.2.9-cu
maddələrdə göstərilən təşkilatlar qrupunun namizədlərini
isə 2 il müddətinə Yayım şurasına üzv seçir.
17.5. Yayım şurasının üzvləri öz aralarından sədr
seçirlər.
17.6. Müddəti başa çatmış Yayım şurası üzvlərinin
yerinə bu qanunun 17.2-ci maddəsində göstərilən
qaydada yeni namizədlər irəli sürülür və bu qanunun
17.4-cü maddəsində göstərilən qaydada 6 il müddətinə
təsdiq olunurlar.
17.7. Fəaliyyətinə bu qanunla nəzərdə tutulmuş
qaydada vaxtından əvvəl xitam verilən Yayım şurası
üzvünün boş qalan yerinə seçim müddəti başa çatanadək
təkrar seçki keçirilmir.
17.8. Bu qanunun 17.7-ci maddəsində nəzərdə tutulan
hallarda Yayım şurası üzvlərinin sayı 6 nəfərdən
az olarsa, o zaman fəaliyyətinə vaxtından əvvəl
xitam verilmiş Yayım şurası üzvlərinin boş qalan
yerlərinə bu qanunun 17.2-ci və 17.4-cü maddələrində
göstərilən qaydada təkrar seçkilər keçirilir.
17.9. İlkin seçim müddəti başa çatmış Yayım şurası
üzvlərininin təkrar seçilmək üçün bu qanunun 17.2-ci
maddəsinə uyğun şəkildə namizədlikləri irəli sürülə
bilər. Yayım şurası üzvünün dalbadal iki dəfə
seçilmək hüququ vardır.
Maddə 18. Yayım şurasının
üzvlərinə verilən tələblər
18.1 Yayım şurasının üzvləri dövlət orqanlarında
və bələdiyyələrdə, mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq hər hansı teleradio
yayımında, reklam agentliyində işləyə bilməzlər.
18.2. Yayım şurasının üzvləri onların namizədliyini
irəli sürmüş təşkilatların deyil, bütövlükdə cəmiyyətin
maraqlarının müdafiəçisi kimi çıxış edirlər.
18.3. Yayım şurasının üzvləri ictimai yayımçının
müstəqilliyinə zərər vuran bəyanatlar verə və
ya öz vəzifələrindən siyasi, kommersiya, yaxud
şəxsi məqsədlər üçün istifadə edə bilməzlər.
18.4. Yayım şurasının üzvləri teleradio, mətbuat,
informasiya, mədəniyyət, maliyyə, teletexnika
və digər aidiyyəti sahə üzrə iş təcrübəsi olan
ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarından
seçilir.
Maddə 19. Yayım şurası
üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi
19.1. Yayım şurası üzvünün səlahiyyətlərinə yalnız
aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə
bilər:
19.1.1. öz ərizəsi ilə;
19.1.2. Yayım şurasının üzvlüyü ilə bir araya
sığmayan vəzifə tutduqda;
19.1.3. Azərbaycan Respublikası vətəndaşlığından
çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul
etdikdə və ya başqa dövlət qarşısında öhdəlik
götürdükdə;
19.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud
fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda,
cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya
ölmüş elan edildikdə;
19.1.5. Üzrsüz səbəbdən altı ay Yayım şurasının
iclaslarında iştirak etmədikdə;
19.1.6. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.
19.2. Yayım şurası öz üzvünü bu qanunun 19.1.6-cı
maddəsində nəzərdə tutulmuş əsaslara görə vəzifədən
azad etmək barədə Azərbaycan Respublikasının Milli
Məclisi qarşısında məsələ qaldırmaq üçün azı altı
üzvünün razıılığı ilə qərar qəbul etməlidir.
19.3. Azərbaycan Respublikasının Milli Məclisi
Yayım şurasının təsdiq olunmaq üçün təqdim etdiyi
qərarı 63 səs çoxluğu ilə rədd edə bilər.
Maddə 20. Yayım şurasının
səlahiyyətləri
20.1. Yayım şurasının səlahiyyətləri aşağıdakılardır:
20.1.1. öz reqlamentini müəyyənləşdirir;
20.1.2. Yayım şurası haqqında Əsasnaməni hazırlayıb
təsdiq edir;
20.1.3. Baş direktorun seçilməsi və ya vəzifəsinə
vaxtından əvvəl xitam verilməsi üçün azı altı
üzvünün razılığı ilə qərar qəbul edir;
20.1.4. Baş direktorun təqdimatı ilə onun 3 müavinini
vəzifəyə təyin və ya vəzifədən azad edir;
20.1.5. vəzifə təlimatları və daxili tənzimləyici
normalar hazırlayıb qəbul edir;
20.1.6. ictimai yayımçının proqram strategiyasını
və siyasətini təsdiq edir;
20.1.7. lazım bildikdə yayımdan sonra proqramların
monitorinqini keçirir;
20.1.8. ictimai yayımçının büdcəsini və illik
hesabatını təsdiq edir;
20.1.9. ictimai yayımın konsepsiyasını hazırlayır,
texniki avadanlıqların və yayımın keyfiyyət standartlarını
müəyyənləşdirir;
20.1.10. səbəbini yazılı şəkildə açıqlamaqla proqramlarla
bağlı bu qanunun tələblərinin pozulması barədə
baş direktora xəbərdarlıq edir və müvafiq tədbirlər
görülməsinə dair göstəriş verir;
20.1.11. azı altı üzvünün razılığı ilə Direktorlar
şurasının qərarını ləğv edir;
20.1.12. ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə
hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir;
20.1.13. bu qanunla və Yayım şurası haqqında Əsasnamə
ilə müəyyənləşdirilmiş digər vəzifələri yerinə
yetirir.
20.2. Yayım şurası üzvlərinin Baş direktorun cari
fəaliyyətinə hər hansı şəkildə müdaxiləsinə yol
verilmir.
20.3. Aşağıdakı hallarda Yayım şurasının razılığı
tələb olunur:
20.3.1. televiziya tamaşaçılarının və radio dinləyicilərinin
seçim imkanlarını genişləndirmək məqsədi ilə yeni
proqram xidmətləri yaradıldıqda;
20.3.2. daşınmaz əmlakın əldə olunması və satılması
zamanı;
20.3.3. bank kreditləri alındıqda və maliyyə öhdəlikləri
götürüldükdə.
20.4. Yayım şurası ən azı iki ayda bir dəfə iclas
keçirir.
20.5. Yayım şurasının sədri və ya üzvlərdən üç
nəfərinin tələbi ilə növbədənkənar iclas keçirilə
bilər.
20.6. İclaslar üzvlərin yarıdan çoxu iştirak etdikdə
səlahiyyətlidir.
20.7. Bu qanunla nəzərdə tutulmuş hallardan başqa,
Yayım şurası iştirak edənlərin sadə səs çoxluğu
ilə qərarlar qəbul edir. Səslər bərabər olduqda
sədr həlledici səs üstünlüyünə malikdir.
20.8. Baş direktor və Direktorlar şurasının üzvləri
Yayım şurasının iclaslarında məşvərətçi səslə
iştirak etmək hüququna malikdirlər.
20.9. Yayım şurasının üzvlərinə İctimai Televiziya
və Radio Yayımları Şirkətinin büdcəsindən ildə
bir dəfə Baş direktorun bir aylıq vəzifə maaşı
həcmində pul verilir.
Maddə 21. Baş direktor
21.1. Baş direktor ictimai yayımçının yaradıcılıq
və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla
onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə
qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin
təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım
şurası tərəfindən 4 il müddətinə seçilir.
21.2. Baş direktor:
21.2.1. proqramların bu qanunun və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarının
tələblərinə uyğun hazırlanmasına nəzarət edir
və məsuliyyət daşıyır;
21.2.2. İctimai yayımçının cari fəaliyyətinə rəhbərlik
edir;
21.2.3. İctimai yayımçını məhkəmədə, dövlət orqanlarında,
xaricdə və beynəlxalq təşkilatlarda təmsil edir;
21.2.4. əmrlər verir, müqavilələr bağlayır, bu
sənədlərin tələblərinə əməl olunmasına nəzarət
edir;
21.2.5. əmlakın qorunmasına və yalnız ictimai
yayımın məqsədləri üçün istifadə olunmasına məsuliyyət
daşıyır.
21.3. Baş direktor aşağıdakı məsələlər üzrə müstəqil
qərarlar qəbul edir:
21.3.1. verilişlərin yaradıcı ideyası və istehsalı;
21.3.2. verilişlər setkasının işlənməsi;
21.3.3. yayım fəaliyyətinin təşkili, cari məsələlərin
həlli;
21.3.4. bu qanunla nəzərdə tutulan hallardan başqa,
ictimai yayımçının əmlakı üzərində sahiblik, istifadə
və sərəncam verilməsi;
21.3.5. müxbir məntəqələrinin, filial və nümayəndəliklərin
yaradılması;
21.3.6. bu qanunla nəzərdə tutulan hallardan başqa,
kadrların seçilib işə götürülməsi və idarə olunması;
21.3.7. bu qanunla nəzərdə tutulan hallardan başqa,
malların və xidmətlərin alqı-satqısı, icarəsi
və istifadə olunması;
21.3.8. bu qanunla nəzərdə tutulan hallardan başqa,
əlaqələr qurulması, danışıqlar aparılması və müqavilələr
bağlanması;
21.3.9. bu qanunla nəzərdə tutulan hallardan başqa,
büdcənin tərtibi və icrası.
21.4. Baş direktor, İctimai Televiziya və Radio
Yayımları Şirkətinin Nizamnaməsinə uyğun olaraq,
yayım xidmətlərinin rəhbərlərindən ibarət Direktorlar
şurası yaradır.
21.5. Baş direktor, Nizamnaməyə uyğun olaraq,
Direktorlar şurasına rəhbərlik edir. Baş direktorun
müavinləri şurada üzv kimi təmsil olunurlar.
21.6. İctimai Televiziya və Radio Yayımları Şirkətinin
ümumi yığıncağında işçilərin arasından sadə səs
çoxluğu ilə Direktorlar şurasına ən azı 2 nəfər
üzv daxil edilə bilər.
21.7. Direktorlar şurası Nizamnamədə nəzərdə tutulan
məsələlər üzrə qərarlar qəbul etmək səlahiyyətinə
malikdir.
21.8. Baş direktor aşağıdakı məsələləri Direktorlar
şurası ilə razılaşdırmalıdır:
21.8.1. proqram siyasətinin ümumi xəttini və əsas
prinsiplərini;
21.8.2. həmkarlar ittifaqı təşkilatları ilə müqavilələri;
21.8.3. büdcənin tərtibini və icrası barədə illik
hesabatı;
21.8.4. ictimai yayımçının büdcəsində nəzərdə
tutulmayan xərcləri.
21.9. Baş direktorun təkrar seçilmək hüququ vardır.
21.10. Baş direktorun səlahiyyətlərinə yalnız
aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə
bilər:
21.10.1. öz ərizəsi ilə;
21.10.2. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti
istisna olmaqla, digər ödənişli vəzifə tutduqda;
21.10.3. Azərbaycan Respublikası vətəndaşlığından
çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul
etdikdə və ya başqa dövlət qarşısında öhdəlik
götürdükdə;
21.10.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud
fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda,
cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya
ölmüş elan edildikdə;
21.10.5. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.
Maddə 22. İctimai yayımçının
fəaliyyətinə hüquqi nəzarət
22.1. İctimai yayımçının fəaliyyətinə hüquqi nəzarət
televiziya və radio yayımı sahəsində müvafiq dövlət
orqanı tərəfindən həyata keçirilir.
22.2. Televiziya və radio yayımı sahəsində müvafiq
dövlət orqanı bu qanunun tələblərini pozan və
ya poza bilən istənilən hərəkət (hərəkətsizlik)
barədə ictimai yayım xidmətinin idarəetmə orqanlarına
sorğu göndərə və ya qanun pozuntusunun qarşısının
alınmasını tələb edə bilər.
22.3. İctimai yayımın idarəetmə orqanları sorğuya
qənaətləndirici cavab vermədikdə və ya özlərinin
nəzarətedici funksiyalarını yerinə yetirmədikdə
televiziya və radio yayımı sahəsində müvafiq dövlət
orqanı:
22.3.1. daha sərt tədbirlər görülməsini tələb
edir və qanun pozuntusunun aradan qaldırılması
üçün konkret vaxt müəyyənləşdirir;
22.3.2. məhkəməyə müraciət edir.
22.4. İctimai yayımçının televiziya və radio yayımı
sahəsində müvafiq dövlət orqanının hərəkətlərindən
məhkəməyə şikayət etmək hüququ vardır.
22.5. Bu maddənin tələblərinin yerinə yetirilməsi
üçün həyata keçirilən istənilən tədbir ictimai
yayımçının informasiya almaq və fikri ifadə etmək
hüququnu məhdudlaşdırmamalıdır.
V fəsil İctimai yayım xidmətinin
maliyyələşdirilməsi
Maddə 23. İctimai yayım xidmətinin maliyyə mənbələri
23.1. İctimai yayım xidməti aşağıdakı mənbələr
hesabına maliyyələşdirilir:
23.1.1. bu qanunla başqa qayda müəyyənləşdirilməyibsə,
abonent haqqından daxilolmalar;
23.1.2. sponsor yardımı;
23.1.3. fiziki və hüquqi şəxslərin ianələri;
23.1.4. reklamdan əldə olunan gəlirlər;
23.1.5. audio və audiovizual proqramların satışından
daxilolmalar;
23.1.6. öz məhsulu olan serialların, tamaşaların,
bədii, sənədli, cizgi və digər filmlərin satışından
əldə edilən vəsaitlər;
23.1.7. konsertlərin və şouların təşkilindən daxilolmalar;
23.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi
ilə qadağan olunmayan digər mənbələr.
23.2. Bu qanunun 23.1.1-ci maddəsi qüvvəyə minənədək,
digər mənbələrdən əldə edilən gəlirlər də nəzərə
alınmaqla, ictimai yayımın məqsədlərinin həyata
keçirilməsi, fasiləsiz fəaliyyəti və perspektivli
inkişafı üçün dövlət büdcəsindən hər il artan
miqdarda maliyyə vəsaiti ayrılır və bu, dövlət
büdcəsində ayrıca sətirdə göstərilir.
23.3. Bu qanunun 23.1.1-ci maddəsi qüvvəyə minəndən
sonra da, digər mənbələrdən daxilolmalar nəzərə
alınmaqla, ictimai yayımçının perspektivli inkişafı
üçün dövlət büdcəsindən ayırmalar davam edir.
23.4. Dövlət büdcəsindən maliyyələşmə dövlət hakimiyyəti
orqanlarının ictimai yayıma müdaxiləsi üçün əsas
ola bilməz.
23.5. İctimai yayım xidmətinin abonent haqqı hesabına
maliyyələşdirilməsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə tənzimlənir.
VI fəsil
Yekun müddəaları
Maddə 24. Abonentlərin
hüquqlarının qorunması
24.1. Hər kəsin ictimai yayımçıya öz irad və təkliflərini
bildirmək hüququ vardır.
24.2. Baş direktor daxil olmuş irad və təklifləri
araşdırır, lazım gəldikdə tədbirlər görür, görülmüş
tədbirlərin nəticələri vaxtlı-vaxtında, lakin
3 aydan gec olmayaraq mətbuatda dərc olunur.
24.3. İctimai yayımçı vətəndaşların yalan informasiya
verilməsi, şərəf və ləyaqətlərinin alçaldılması,
işgüzar mövqelərinə zərər vurulması barədə təkzib,
düzəliş və cavab verilməsi tələblərinə kütləvi
informasiya vasitələri haqqında qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada əməl edir.
24.4. İctimai yayım zamanı hüququnun pozulması
barədə ərizə ilə müraciət edən hər kəs öz vəsaiti
hesabına həmin verilişin audio və video surətlərini
ala bilər.
Maddə 25. Qanunun müddəalarının
pozulmasına görə məsuliyyət
Bu qanunun müddəalarının pozulmasına görə fiziki
və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 26. Qanunun qüvvəyə
minməsi
26.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
26.2. Bu qanunun 23.1.1-ci maddəsi 2010-cu il
yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının
Prezidenti Bakı şəhəri, 28 sentyabr 2004-cü il |