2004-11-09
İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
I fəsil
Ümumi müddəalar
Maddə
1. İctimai televiziya və radio
yayımının məqsədi
İctimai televiziya və radio yayımının
məqsədi Azərbaycan Respublikası
əhalisinin - bütövlükdə cəmiyyətin,
habelə onun ayrı-ayrı təbəqələrinin
sosial, elm, təhsil, mədəniyyət,
əyləncə və digər sahələrdəki ümumi
maraqlarını təmin etməyə, söz
və fikir azadlığını, müxtəlif
baxış və əqidələri əks etdirməyə
yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış
informasiyalar hazırlamaq, bu
informasiyaları müasir texniki
və keyfiyyət standartlarına uyğun
şəkildə yayımlamaqdır.
Maddə
2. İctimai televiziya və radio
yayımı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
2.1. İctimai televiziya və radio
yayımı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu qanundan,
bu qanunun tələblərinə uyğun olaraq
hazırlanmış digər normativ hüquqi
aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
bu qanundan fərqli qaydalar müəyyənləşdirilərsə,
həmin beynəlxalq hüquq normaları
tətbiq olunur.
Maddə
3. İctimai yayım xidmətinin prinsipləri
3.0. İctimai yayım xidməti aşağıdakı
prinsiplər əsasında fəaliyyət
göstərir:
3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi,
qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan
uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması
və təmin edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf
etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.
II fəsil
İctimai yayım
xidmətinin təşkili
Maddə
4. İctimai yayımçının hüquqi statusu
4.1. İctimai yayımçı kənar müdaxilə
olmadan müstəqil fəaliyyət göstərən
hüquqi şəxsdir.
4.2. İctimai yayımçı öz əmlakı
üzərində sahiblik, istifadə və
sərəncam hüququna malikdir, bu
əmlakdan yalnız ictimai yayımın
məqsədləri üçün istifadə edə bilər.
4.3. İctimai yayımçı əmlakdan
səmərəli istifadə olunmasına nəzarət
edir, onun qorunmasına məsuliyyət
daşıyır.
4.4. İctimai yayımçının əmlakı
özəlləşdirilə, girov qoyula, yaxud
bu qanunla müəyyənləşdirilmiş
hallardan başqa, satıla bilməz.
4.5. İctimai yayımçının əmlakı
yalnız yeniləşdirilmək və genişləndirilmək
məqsədi ilə satıla bilər.
4.6. İctimai yayımçı verilişlərinin
forma və məzmununu özü müəyyən
edir və yayımladığı proqramlar
üçün qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada məsuliyyət daşıyır.
4.7. İctimai yayımçının adı -
İctimai Televiziya və Radio Yayımları
Şirkətidir.
4.8. İctimai Televiziya və Radio
Yayımları Şirkəti bu qanun, "Kütləvi
informasiya vasitələri haqqında",
"Televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikasının qanunları
və bu qanunun tələblərinə uyğun
şəkildə hazırlanıb Yayım şurası
tərəfindən təsdiq olunan Nizamnamə
əsasında fəaliyyət göstərir.
Maddə
5. İctimai yayım fəaliyyətinə
lisenziya verilməsi və tezliklərin
ayrılması
İctimai yayım fəaliyyətinə dövlət
tərəfindən müddətsiz və ödənişsiz
lisenziya verilir və tezlik ayrılır.
Maddə
6. İctimai yayımçının hüquqları
6.0. İctimai yayımçının aşağıdakı
hüquqları vardır:
6.0.1. özünün yayım xidmətlərini
yaratmaq;
6.0.2. əhalinin ümumi maraqlarını
əhatə edən proqramlar (verilişlər)
hazırlamaq, bədii, sənədli, cizgi
filmləri, habelə seriallar çəkmək,
onları yayımlamaq, audio və video
yazılarını çoxaltmaq, satmaq və
ya icarəyə vermək;
6.0.3. reklam fəaliyyəti ilə məşğul
olmaq;
6.0.4. ölkə ərazisində və xaricdə
özünün müxbir məntəqələrini, filial
və nümayəndəliklərini açmaq;
6.0.5. teleradio yayımı ilə bağlı
istənilən mətbu nəşrin təsisçisi
olmaq;
6.0.6. öz verilişlərinin proqramını
dərc etmək və ya bu hüququ üçüncü
şəxsə vermək;
6.0.7. özünün ötürücü qurğular
şəbəkəsindən istifadə etmək, bu
funksiyanı digər subyektə həvalə
etmək və ya ötürücü qurğular şəbəkəsini
icarəyə vermək;
6.0.8. proqramlarını peyk rabitəsi,
kabel şəbəkəsi, yaxud digər yerüstü
texniki qurğular vasitəsilə ölkənin
bütün ərazisinə ötürmək;
6.0.9. əlavə informasiya, internet
və digər yayım xidmətləri, yaxud
texnologiyanın ən yeni sahələrində
fəaliyyət göstərmək;
6.0.10. özünün arxiv materiallarını
ölkədaxili yayımçılara və ya yayımdankənar
subyektlərə icarəyə vermək;
6.0.11. əlavə və ya tamamlayıcı
xidmətlər, o cümlədən xarici dillərdə
informasiya xidməti göstərmək
üçün üçüncü şəxslərlə əməkdaşlıq
etmək, yaxud üçüncü şəxsin bu
sahəyə ayırdığı nizamnamə kapitalındakı
payını əldə etmək;
6.0.12. nizamnamə vəzifələrini
yerinə yetirmək üçün zəruri olan
və qanunla qadağan edilməyən digər
fəaliyyətlə məşğul olmaq.
Maddə
7. İctimai yayımçının vəzifələri
7.0. İctimai yayımçının vəzifələri
aşağıdakılardır:
7.0.1. ölkədə və dünyada baş verən
mühüm hadisələr, dövlət orqanlarının,
bələdiyyələrin, siyasi partiyaların,
ictimai birliklərin, dini qurumların
və kommersiya təşkilatlarının
fəaliyyəti barədə vətəndaşların
qərəzsiz və tarazlaşdırılmış informasiya
almaq hüququnun həyata keçirilməsi;
7.0.2. milli-mənəvi və ümumbəşəri
dəyərləri qoruyub inkişaf etdirən
maarifləndirici, məlumatlandırıcı
və əyləndirici proqramlar vasitəsilə
vətəndaşların maraqlarının təmin
olunması;
7.0.3. Azərbaycan və dünya müəlliflərinin
əsərləri üzrə yüksək sənətkarlıq
nümunəsi olan tamaşaların, bədii,
sənədli və cizgi filmlərinin,
serialların, incəsənət əsərlərinin,
mühüm tarixi və mədəni tədbirlərin
lentə alınması və gələcək nəsillər
üçün ictimai yayımçının qızıl
fondunda saxlanması;
7.0.4. hazırlanıb efirə verilən
proqramlarda vətəndaşların öz
fikirlərini bildirməsi üçün bərabər
imkanlar yaradılması;
7.0.5. vətəndaşların cavabvermə
hüququnun təmin edilməsi;
7.0.6. informasiyanın tərəfsizliyinin,
qərəzsizliyinin və doğru-dürüstlüyünün
təmin edilməsi;
7.0.7. pornoqrafik materialların,
zorakılığı, qəddarlığı, dini və
irqi ayrı-seçkiliyi təbliğ edən
proqramların yayımlanmaması;
7.0.8. vətəndaşların şəxsi həyatına,
şərəf və ləyaqətinə hörmətlə yanaşılması;
7.0.9. yayım zamanı peşə etikasına
riayət olunması.
Maddə
8. İctimai yayım xidmətlərində
kadrların seçilməsi və əmək müqavilələrinin
bağlanması
8.1. İctimai yayım xidmətlərinin
rəhbərləri, baş redaktorlar, baş
rejissorlar müsabiqə əsasında
seçilir, Yayım şurası tərəfindən
sadə səs çoxluğu ilə təsdiq olunurlar.
8.2. Müsabiqə komissiyasının yaradılması
və müsabiqənin keçirilməsi qaydaları,
əmək müqaviləsinin şərtləri qanunvericiliyə
uyğun olaraq baş direktor tərəfindən
hazırlanıb təsdiq edilir.
8.3. Yayım şurası müsabiqə əsasında
seçilmiş yayım xidmətlərinin rəhbərlərini
təsdiq etmədikdə bu qanunun
8.1-ci maddəsində göstərilən qaydada
yeni namizədlər seçilir. Əgər
Yayım şurası seçilmiş namizədləri
ikinci dəfə təsdiq etməzsə, baş
direktor həmin namizədləri birbaşa
təyin edə bilər.
8.4. İctimai yayım xidmətində
işə götürülən, irəli çəkilən və
ya ictimai yayımın başqa xidmətlərində
daha yüksək vəzifəyə təyin olunan
kadrlara irqinə, cinsinə, dini
mənsubiyyətinə, yaxud siyasi baxışlarına
görə məhdudiyyət qoyula bilməz.
8.5. İşçi öz vəzifəsindən şəxsi
məqsədlər üçün, yaxud siyasi partiyaların,
kommersiya və digər təşkilatların
məqsədləri üçün istifadə edə bilməz.
8.6. İşçi ictimai yayımçının razılığı
olmadan dövlət orqanlarından,
kommersiya qurumlarından və digər
təşkilatlardan təlimat ala, onların
tapşırığını yerinə yetirə bilməz.
Maddə
9. İctimai yayım sənədlərinin
saxlanması
9.1. İctimai teleradio verilişlərinin
materialları (lent yazıları, əlyazmaları,
məktublar, qoşma sənədlər) televiziya
və radio yayımı haqqında qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada və
müddətdə saxlanılır.
9.2. İctimai yayımçı:
9.2.1. daxili tənzimləyici sənədləri;
9.2.2. əmlak üzərində hüquqlarını
təsdiq edən sənədləri;
9.2.3. Yayım şurasının və Direktorlar
şurasının iclaslarının protokollarını;
9.2.4. Baş direktorun əmr və sərəncamlarını;
9.2.5. təftiş və audit yoxlamalarının
nəticəsi barədə aktları və arayışları;
9.2.6. işçilərlə bağlanmış əmək
müqavilələrini;
9.2.7. mühasibat sənədlərini;
9.2.8. bank, maliyyə və məhkəmə
sənədlərini Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada və müddətdə saxlayır.
Maddə
10. İctimai yayım fəaliyyətində
şəffaflıq
10.1. İctimai yayımçının iqtisadi
fəaliyyətinin şəffaflığını təmin
etmək məqsədilə cari və ya Yayım
şurasının qərarı əsasında fövqəladə
audit yoxlamalar keçirilir.
10.2. Təftiş və ya audit yoxlamaların
nəticələri kütləvi informasiya
vasitələrində dərc olunur.
III fəsil
İctimai yayım proqramları
Maddə
11. İctimai yayım proqramlarında
rəsmi məlumatların verilməsi
11.1. İctimai yayımçı rəsmi məlumatları
heç bir dəyişiklik etmədən efirə
verir. "Rəsmi məlumat" dedikdə
insanların həyatı, sağlamlığı
və yaşayış məntəqələrinin normal
fəaliyyəti üçün təhlükə törədən
fövqəladə hallar, təbii fəlakətlər
və qəzalar barədə dövlət hakimiyyəti
orqanlarının verdikləri xəbərlər,
habelə cəmiyyətin bilgiləndirilməsi
üçün zəruri olan, dövlət hakimiyyəti
orqanlarının rəsmi mövqeyini əks
etdirən açıqlamalar, bəyanat və
məlumatlar başa düşülür.
11.2. İctimai yayımçı rəsmi məlumatların
məzmununa görə məsuliyyət daşımır.
Maddə
12. İctimai yayım proqramlarının
dili
12.1. İctimai yayım proqramları,
bir qayda olaraq, Azərbaycan Respublikasının
dövlət dilində yayımlanır. "Proqramların
dili" dedikdə qaçan sətirlər (subtitr)
və təsviri (mətni) açıqlayan səs
başa düşülür.
12.2. Xarici dildə hazırlanan
proqramlar, bu dildəki tədris
və retranslyasiya edilən proqramlar
istisna edilməklə, Azərbaycan
dilində subtitrlərlə müşayiət
olunur, bədii, sənədli filmlər,
çıxışlar və s. Azərbaycan dilinə
tərcümə edilir.
12.3. İctimai yayım proqramlarına
Azərbaycan Respublikasının ərazisində
yaşayan milli azlıqların dillərində
verilişlər daxil edilir.
Maddə
13. İctimai yayım proqramlarına
verilən tələblər
13.1. İctimai yayımçı bu qanunla
müəyyənləşdirilmiş məqsədlərini
həyata keçirmək üçün proqramlar
hazırlayarkən cəmiyyətdəki siyasi
əqidələri, dini baxışları, ictimai
fikir və rəyin müxtəlif cərəyanlarını,
habelə ölkə vətəndaşlarının hüquq
bərabərliyini nəzərə almalıdır.
13.2. Proqramlar milli-mənəvi
dəyərləri, milli adət və ənənələri,
mədəniyyət və incəsənətin bütün
rəngarəngliyini özündə əks etdirməlidir.
13.3. İctimai yayım proqramlarında
siyasi baxışların birtərəfli qaydada
üstünlüyünə və ya təbliğatına
yol verilmir. Plüralizm və dözümlülük
prinsipinə uyğun olaraq cəmiyyətdəki
müxtəlif nəzər nöqtələri, problemlərə
yanaşma, şərhlər və analitik təhlillər
alternativ əsaslarla və diskussiya
formasında aparılır.
13.4. Yeni və orijinal teleradio
məhsullarının yaradılmasına, bədii
filmlərin, serialların, teleradio
tamaşalarının efirə verilməsinə
diqqət artırılmalıdır.
13.5. Dünya ölkələrinin ən yaxşı
seriallarının, bədii, sənədli
və cizgi filmlərinin Azərbaycan
dilinə çevrilərək tamaşaçılara
çatdırılmasına şərait yaradılmalıdır.
13.6. Proqramlarda Azərbaycanda
istehsal olunan kino, tele, video
və radio məhsullarının yayımlanmasına
üstünlük verilir.
13.7. Proqramlarda istifadə olunan
informasiyaların məzmunu, mənbəyi
və ədalətliliyi araşdırılıb dəqiqləşdirilməlidir.
13.8. Xəbərlər proqramında informasiyalar
əhatəli, tərəfsiz, qərəzsiz, müstəqil
olmalı, cəmiyyətdəki fərqli nöqteyi-nəzərlərə
uyğun hazırlanmalı, şərhlər informasiyadan
dəqiq şəkildə seçilməlidir.
13.9. İctimai yayım proqramlarında
ölkənin digər yayımçılarının proqramlarından
ödənişsiz sitat və fraqmentlər
gətirilə bilər, bu şərtlə ki,
həmin sitat və fraqmentlərin ümumi
həcmi 90 saniyədən çox olmasın
və təsvirin üstündə emblemi göstərilməklə
mənbəyi açıqlansın.
Maddə
14. İctimai yayım zamanı reklama
verilən tələblər
14.1. Yayımlanan reklamın xüsusi
nişanı olmalı, televiziyada görüntülü,
radioda səsli vasitələrlə proqramın
başqa hissələrindən birmənalı
şəkildə fərqlənməlidir.
14.2. Reklamlar proqramların məzmununa,
reklamçılar ictimai yayımçının
müstəqilliyinə təsir göstərməməlidirlər.
14.3. Müntəzəm olaraq xəbərlər
proqramı, yaxud müasir siyasi
mövzularda veriliş aparan şəxslər
teleradio reklamlarında çıxış
edə bilməzlər.
14.4. Reklam ayrı-ayrı verilişlərin
arasında blok şəklində efirə verilir.
14.5. Müstəqil hissələrdən ibarət
televerilişlərdə, idman proqramlarında,
fasilələrlə gedən tədbirlərin
və tamaşaların yayımında reklam
yalnız müstəqil hissələrin arasında
və ya fasilələrdə verilə bilər.
14.6. Ayrıca verilişlərdə bir
reklam blokunun sonu ilə o biri
reklam blokunun əvvəli arasındakı
zaman kəsiyi bu qanunun 14.8-ci
maddəsində göstərilən hallardan
başqa, 30 dəqiqədən az olmamalıdır.
14.7. Xəbərlər proqramı, dini
və uşaq verilişləri, həmçinin
30 dəqiqədən az çəkən seriallar,
əyləncəli proqramlar, aktual siyasi
verilişlər, sənədli filmlər reklamla
kəsilə biliməz.
14.8. Bədii və televiziya filmləri,
45 dəqiqədən bir və ya bir neçə
45 dəqiqə çox çəkən fasiləsiz
proqramlar yalnız hər 45 dəqiqədən
sonra reklamla kəsilə bilər. Proqramların
nümayişi bir və ya bir neçə 45
dəqiqədən azı 20 dəqiqə çox çəkdikdə
əlavə olaraq bir reklam da verilə
bilər.
14.9. Reklamına Azərbaycan Respublikasının
qanunvericiliyi ilə məhdudiyyətlər
qoyulmuş, o cümlədən uşaqların
fiziki, əqli və mənəvi inkişafına
ciddi zərbə vuran məhsulların
reklamı qadağandır.
14.10. Proqramlar arasında teleticarət
reklamı yerləşdirilə bilər, bu
şərtlə ki, alqı-satqı, xidmət
və icarə barədə birbaşa təkliflər
edilən reklamın ümumi həcmi gün
ərzində 30 dəqiqədən çox olmasın.
14.11. Reklam ictimai yayım proqramlarının
gündəlik həcminin 15 faizindən,
bir saat ərzində reklam çarxının
ən yüksək həddi 9 dəqiqədən çox
olmamalıdır.
14.12. Radioda reklamların gündəlik
həcminin ümumi müddəti 90 dəqiqədir.
Maddə
15. İctimai yayım xidmətinə sponsorluq
15.1. Bütövlükdə, yaxud qismən
sponsor yardımı ilə hazırlanan
verilişlərin əvvəlində və sonunda
onların kim tərəfindən maliyyələşdirildiyi
açıq diktor mətni, yaxud subtitrlər
vasitəsilə elan olunmalıdır. Bağlanmış
müqaviləyə uyğun olaraq verilişdə
sponsorun elan edilməsi üçün onun
emblemini, firma nişanını göstərmək,
yaxud digər formalardan istifadə
etmək olar.
15.2. Sponsor verilişlərin məzmununa,
yerləşdirilməsinə, ictimai yayımçının
məsuliyyətinə və müstəqilliyinə
təsir göstərə bilməz.
15.3. Sponsorun maliyyə yardımı
ilə hazırlanmış verilişlərdə sponsorun
və ya üçüncü şəxsin mallarının
(xidmətlərinin) alqı-satqısına,
yaxud icarəsinə təhrikə yol verilməməlidir.
15.4. Reklamı qadağan olunmuş
malların (xidmətlərin) sahiblərinin,
yaxud bu malların alqı-satqısını,
icarəsini həyata keçirən şəxslərin
sponsorluğuna yol verilmir.
15.5. Xəbərlər və müasir siyasi
mövzularda hazırlanan proqramlar
sponsorluq predmeti ola bilməz.
IV fəsil
İctimai yayım xidmətinin idarə
olunması
Maddə
16. İctimai yayımçının səlahiyyətlərinin
həyata keçirilməsi
16.1. İctimai yayımçının bu qanunla
müəyyən edilən səlahiyyətləri
Yayım şurası və baş direktor tərəfindən
həyata keçirilir.
16.2. Yayım şurasının üzvləri,
baş direktor və onun müavinləri
heç bir siyasi partiyanın üzvü
ola bilməzlər.
Maddə
17. Yayım şurasının formalaşdırılması
17.1. Yayım şurası proqramların
yayımı zamanı Azərbaycan Respublikası
qanunvericiliyinin tələblərinə
əməl edilməsi üzərində nəzarəti
həyata keçirən və bu sahədə həlledici
qərarlar qəbul etmək səlahiyyətinə
malik olan nəzarətedici orqan
kimi yaradılır.
17.2. Yayım şurasının üzvlüyünə
aşağıdakı təşkilatlar (təşkilatlar
qrupu) hər biri ümumi yığıncaqda
sadə səs çoxluğu ilə iki namizəd
irəli sürür və təsdiq edilmək
üçün Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edirlər:
17.2.1. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası;
17.2.2. Azərbaycan Milli Elmlər
Akademiyası;
17.2.3. Mətbuat Şurası;
17.2.4. Sahibkarlar Şurası;
17.2.5. gənclər təşkilatları;
17.2.6. qadın cəmiyyətləri;
17.2.7. idman federasiyaları;
17.2.8. dini konfessiyalar;
17.2.9. yaradıcılıq təşkilatları.
17.3. Bu qanunun 17.2.5-17.2.9-cu
maddələrində göstərilən təşkilatlar
qrupu namizəd seçmək üçün hər
birindən bərabər sayda nümayəndə
olmaqla birgə ümumi yığıncaq keçirir,
namizədlər bu yığıncaqda sadə
səs çoxluğu ilə seçilirlər. Əgər
birgə ümumi yığıncaq vahid namizədlər
seçmək üçün razılığa gələ bilməzsə,
iştirakçıların hər birindən bir
nəfər olmaqla namizədlərin vahid
siyahısı tərtib olunur, bu siyahı
birgə ümumi yığıncaqda təsdiq
edilərək Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edilir.
17.4. Azərbaycan Respublikasının
Milli Məclisi bu qanunun 17.2-ci
maddəsində göstərilən təşkilatların
(təşkilatlar qrupunun) hərəsindən
bir namizəd olmaqla 9 nəfərdən
ibarət tərkibdə 17.2.1-17.2.3-cü
maddələrdə göstərilən təşkilatların
namizədlərini 6 il, 17.2.4-17.2.6-cı
maddələrdə göstərilən təşkilatların
(təşkilatlar qrupunun) namizədlərini
4 il, 17.2.7-17.2.9-cu maddələrdə
göstərilən təşkilatlar qrupunun
namizədlərini isə 2 il müddətinə
Yayım şurasına üzv seçir.
17.5. Yayım şurasının üzvləri
öz aralarından sədr seçirlər.
17.6. Müddəti başa çatmış Yayım
şurası üzvlərinin yerinə bu qanunun
17.2-ci maddəsində göstərilən
qaydada yeni namizədlər irəli
sürülür və bu qanunun 17.4-cü
maddəsində göstərilən qaydada
6 il müddətinə təsdiq olunurlar.
17.7. Fəaliyyətinə bu qanunla
nəzərdə tutulmuş qaydada vaxtından
əvvəl xitam verilən Yayım şurası
üzvünün boş qalan yerinə seçim
müddəti başa çatanadək təkrar
seçki keçirilmir.
17.8. Bu qanunun 17.7-ci maddəsində
nəzərdə tutulan hallarda Yayım
şurası üzvlərinin sayı 6 nəfərdən
az olarsa, o zaman fəaliyyətinə
vaxtından əvvəl xitam verilmiş
Yayım şurası üzvlərinin boş qalan
yerlərinə bu qanunun 17.2-ci və
17.4-cü maddələrində göstərilən
qaydada təkrar seçkilər keçirilir.
17.9. İlkin seçim müddəti başa
çatmış Yayım şurası üzvlərininin
təkrar seçilmək üçün bu qanunun
17.2-ci maddəsinə uyğun şəkildə
namizədlikləri irəli sürülə bilər.
Yayım şurası üzvünün dalbadal
iki dəfə seçilmək hüququ vardır.
Maddə
18. Yayım şurasının üzvlərinə
verilən tələblər
18.1 Yayım şurasının üzvləri dövlət
orqanlarında və bələdiyyələrdə,
mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq hər
hansı teleradio yayımında, reklam
agentliyində işləyə bilməzlər.
18.2. Yayım şurasının üzvləri
onların namizədliyini irəli sürmüş
təşkilatların deyil, bütövlükdə
cəmiyyətin maraqlarının müdafiəçisi
kimi çıxış edirlər.
18.3. Yayım şurasının üzvləri
ictimai yayımçının müstəqilliyinə
zərər vuran bəyanatlar verə və
ya öz vəzifələrindən siyasi, kommersiya,
yaxud şəxsi məqsədlər üçün istifadə
edə bilməzlər.
18.4. Yayım şurasının üzvləri
teleradio, mətbuat, informasiya,
mədəniyyət, maliyyə, teletexnika
və digər aidiyyəti sahə üzrə iş
təcrübəsi olan ali təhsilli Azərbaycan
Respublikası vətəndaşlarından
seçilir.
Maddə
19. Yayım şurası üzvünün səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi
19.1. Yayım şurası üzvünün səlahiyyətlərinə
yalnız aşağıdakı hallarda vaxtından
əvvəl xitam verilə bilər:
19.1.1. öz ərizəsi ilə;
19.1.2. Yayım şurasının üzvlüyü
ilə bir araya sığmayan vəzifə
tutduqda;
19.1.3. Azərbaycan Respublikası
vətəndaşlığından çıxdıqda, başqa
dövlətin vətəndaşlığını qəbul
etdikdə və ya başqa dövlət qarşısında
öhdəlik götürdükdə;
19.1.4. məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi ilə fəaliyyət
qabiliyyətsizliyi, yaxud məhdud
fəaliyyət qabiliyyətli olması
təsdiq olunduqda, cinayət törətməkdə
təqsirli bilindikdə və ya qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada itkin
düşmüş və ya ölmüş elan edildikdə;
19.1.5. Üzrsüz səbəbdən altı ay
Yayım şurasının iclaslarında iştirak
etmədikdə;
19.1.6. vəzifəsinin öhdəsindən
gələ bilmədikdə.
19.2. Yayım şurası öz üzvünü bu
qanunun 19.1.6-cı maddəsində nəzərdə
tutulmuş əsaslara görə vəzifədən
azad etmək barədə Azərbaycan Respublikasının
Milli Məclisi qarşısında məsələ
qaldırmaq üçün azı altı üzvünün
razıılığı ilə qərar qəbul etməlidir.
19.3. Azərbaycan Respublikasının
Milli Məclisi Yayım şurasının
təsdiq olunmaq üçün təqdim etdiyi
qərarı 63 səs çoxluğu ilə rədd
edə bilər.
Maddə
20. Yayım şurasının səlahiyyətləri
20.1. Yayım şurasının səlahiyyətləri
aşağıdakılardır:
20.1.1. öz reqlamentini müəyyənləşdirir;
20.1.2. Yayım şurası haqqında
Əsasnaməni hazırlayıb təsdiq edir;
20.1.3. Baş direktorun seçilməsi
və ya vəzifəsinə vaxtından əvvəl
xitam verilməsi üçün azı altı
üzvünün razılığı ilə qərar qəbul
edir;
20.1.4. Baş direktorun təqdimatı
ilə onun 3 müavinini vəzifəyə
təyin və ya vəzifədən azad edir;
20.1.5. vəzifə təlimatları və
daxili tənzimləyici normalar hazırlayıb
qəbul edir;
20.1.6. ictimai yayımçının proqram
strategiyasını və siyasətini təsdiq
edir;
20.1.7. lazım bildikdə yayımdan
sonra proqramların monitorinqini
keçirir;
20.1.8. ictimai yayımçının büdcəsini
və illik hesabatını təsdiq edir;
20.1.9. ictimai yayımın konsepsiyasını
hazırlayır, texniki avadanlıqların
və yayımın keyfiyyət standartlarını
müəyyənləşdirir;
20.1.10. səbəbini yazılı şəkildə
açıqlamaqla proqramlarla bağlı
bu qanunun tələblərinin pozulması
barədə baş direktora xəbərdarlıq
edir və müvafiq tədbirlər görülməsinə
dair göstəriş verir;
20.1.11. azı altı üzvünün razılığı
ilə Direktorlar şurasının qərarını
ləğv edir;
20.1.12. ildə bir dəfə öz fəaliyyəti
barədə ictimaiyyətə hesabat verir
və bu hesabatı mətbuatda dərc
etdirir;
20.1.13. bu qanunla və Yayım şurası
haqqında Əsasnamə ilə müəyyənləşdirilmiş
digər vəzifələri yerinə yetirir.
20.2. Yayım şurası üzvlərinin
Baş direktorun cari fəaliyyətinə
hər hansı şəkildə müdaxiləsinə
yol verilmir.
20.3. Aşağıdakı hallarda Yayım
şurasının razılığı tələb olunur:
20.3.1. televiziya tamaşaçılarının
və radio dinləyicilərinin seçim
imkanlarını genişləndirmək məqsədi
ilə yeni proqram xidmətləri yaradıldıqda;
20.3.2. daşınmaz əmlakın əldə
olunması və satılması zamanı;
20.3.3. bank kreditləri alındıqda
və maliyyə öhdəlikləri götürüldükdə.
20.4. Yayım şurası ən azı iki
ayda bir dəfə iclas keçirir.
20.5. Yayım şurasının sədri və
ya üzvlərdən üç nəfərinin tələbi
ilə növbədənkənar iclas keçirilə
bilər.
20.6. İclaslar üzvlərin yarıdan
çoxu iştirak etdikdə səlahiyyətlidir.
20.7. Bu qanunla nəzərdə tutulmuş
hallardan başqa, Yayım şurası
iştirak edənlərin sadə səs çoxluğu
ilə qərarlar qəbul edir. Səslər
bərabər olduqda sədr həlledici
səs üstünlüyünə malikdir.
20.8. Baş direktor və Direktorlar
şurasının üzvləri Yayım şurasının
iclaslarında məşvərətçi səslə
iştirak etmək hüququna malikdirlər.
20.9. Yayım şurasının üzvlərinə
İctimai Televiziya və Radio Yayımları
Şirkətinin büdcəsindən ildə bir
dəfə Baş direktorun bir aylıq
vəzifə maaşı həcmində pul verilir.
Maddə
21. Baş direktor
21.1. Baş direktor ictimai yayımçının
yaradıcılıq və işgüzar fəaliyyətini
əlaqələndirən, bu qanunla onun
səlahiyyətinə aid edilmiş məsələlər
üzrə qərarlar qəbul edən, bütövlükdə
yayım fəaliyyətinin təşkilinə
cavabdeh olan vəzifəli şəxsdir
və Yayım şurası tərəfindən 4 il
müddətinə seçilir.
21.2. Baş direktor:
21.2.1. proqramların bu qanunun
və Azərbaycan Respublikasının
digər qanunvericilik aktlarının
tələblərinə uyğun hazırlanmasına
nəzarət edir və məsuliyyət daşıyır;
21.2.2. İctimai yayımçının cari
fəaliyyətinə rəhbərlik edir;
21.2.3. İctimai yayımçını məhkəmədə,
dövlət orqanlarında, xaricdə və
beynəlxalq təşkilatlarda təmsil
edir;
21.2.4. əmrlər verir, müqavilələr
bağlayır, bu sənədlərin tələblərinə
əməl olunmasına nəzarət edir;
21.2.5. əmlakın qorunmasına və
yalnız ictimai yayımın məqsədləri
üçün istifadə olunmasına məsuliyyət
daşıyır.
21.3. Baş direktor aşağıdakı məsələlər
üzrə müstəqil qərarlar qəbul edir:
21.3.1. verilişlərin yaradıcı
ideyası və istehsalı;
21.3.2. verilişlər setkasının
işlənməsi;
21.3.3. yayım fəaliyyətinin təşkili,
cari məsələlərin həlli;
21.3.4. bu qanunla nəzərdə tutulan
hallardan başqa, ictimai yayımçının
əmlakı üzərində sahiblik, istifadə
və sərəncam verilməsi;
21.3.5. müxbir məntəqələrinin,
filial və nümayəndəliklərin yaradılması;
21.3.6. bu qanunla nəzərdə tutulan
hallardan başqa, kadrların seçilib
işə götürülməsi və idarə olunması;
21.3.7. bu qanunla nəzərdə tutulan
hallardan başqa, malların və xidmətlərin
alqı-satqısı, icarəsi və istifadə
olunması;
21.3.8. bu qanunla nəzərdə tutulan
hallardan başqa, əlaqələr qurulması,
danışıqlar aparılması və müqavilələr
bağlanması;
21.3.9. bu qanunla nəzərdə tutulan
hallardan başqa, büdcənin tərtibi
və icrası.
21.4. Baş direktor, İctimai Televiziya
və Radio Yayımları Şirkətinin
Nizamnaməsinə uyğun olaraq, yayım
xidmətlərinin rəhbərlərindən ibarət
Direktorlar şurası yaradır.
21.5. Baş direktor, Nizamnaməyə
uyğun olaraq, Direktorlar şurasına
rəhbərlik edir. Baş direktorun
müavinləri şurada üzv kimi təmsil
olunurlar.
21.6. İctimai Televiziya və Radio
Yayımları Şirkətinin ümumi yığıncağında
işçilərin arasından sadə səs çoxluğu
ilə Direktorlar şurasına ən azı
2 nəfər üzv daxil edilə bilər.
21.7. Direktorlar şurası Nizamnamədə
nəzərdə tutulan məsələlər üzrə
qərarlar qəbul etmək səlahiyyətinə
malikdir.
21.8. Baş direktor aşağıdakı məsələləri
Direktorlar şurası ilə razılaşdırmalıdır:
21.8.1. proqram siyasətinin ümumi
xəttini və əsas prinsiplərini;
21.8.2. həmkarlar ittifaqı təşkilatları
ilə müqavilələri;
21.8.3. büdcənin tərtibini və
icrası barədə illik hesabatı;
21.8.4. ictimai yayımçının büdcəsində
nəzərdə tutulmayan xərcləri.
21.9. Baş direktorun təkrar seçilmək
hüququ vardır.
21.10. Baş direktorun səlahiyyətlərinə
yalnız aşağıdakı hallarda vaxtından
əvvəl xitam verilə bilər:
21.10.1. öz ərizəsi ilə;
21.10.2. elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla, digər
ödənişli vəzifə tutduqda;
21.10.3. Azərbaycan Respublikası
vətəndaşlığından çıxdıqda, başqa
dövlətin vətəndaşlığını qəbul
etdikdə və ya başqa dövlət qarşısında
öhdəlik götürdükdə;
21.10.4. məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi ilə fəaliyyət
qabiliyyətsizliyi, yaxud məhdud
fəaliyyət qabiliyyətli olması
təsdiq olunduqda, cinayət törətməkdə
təqsirli bilindikdə və ya qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada itkin
düşmüş və ya ölmüş elan edildikdə;
21.10.5. vəzifəsinin öhdəsindən
gələ bilmədikdə.
Maddə
22. İctimai yayımçının fəaliyyətinə
hüquqi nəzarət
22.1. İctimai yayımçının fəaliyyətinə
hüquqi nəzarət televiziya və radio
yayımı sahəsində müvafiq dövlət
orqanı tərəfindən həyata keçirilir.
22.2. Televiziya və radio yayımı
sahəsində müvafiq dövlət orqanı
bu qanunun tələblərini pozan və
ya poza bilən istənilən hərəkət
(hərəkətsizlik) barədə ictimai
yayım xidmətinin idarəetmə orqanlarına
sorğu göndərə və ya qanun pozuntusunun
qarşısının alınmasını tələb edə
bilər.
22.3. İctimai yayımın idarəetmə
orqanları sorğuya qənaətləndirici
cavab vermədikdə və ya özlərinin
nəzarətedici funksiyalarını yerinə
yetirmədikdə televiziya və radio
yayımı sahəsində müvafiq dövlət
orqanı:
22.3.1. daha sərt tədbirlər görülməsini
tələb edir və qanun pozuntusunun
aradan qaldırılması üçün konkret
vaxt müəyyənləşdirir;
22.3.2. məhkəməyə müraciət edir.
22.4. İctimai yayımçının televiziya
və radio yayımı sahəsində müvafiq
dövlət orqanının hərəkətlərindən
məhkəməyə şikayət etmək hüququ
vardır.
22.5. Bu maddənin tələblərinin
yerinə yetirilməsi üçün həyata
keçirilən istənilən tədbir ictimai
yayımçının informasiya almaq və
fikri ifadə etmək hüququnu məhdudlaşdırmamalıdır.
V fəsil
İctimai yayım xidmətinin
maliyyələşdirilməsi
Maddə
23. İctimai yayım xidmətinin maliyyə
mənbələri
23.1. İctimai yayım xidməti aşağıdakı
mənbələr hesabına maliyyələşdirilir:
23.1.1. bu qanunla başqa qayda
müəyyənləşdirilməyibsə, abonent
haqqından daxilolmalar;
23.1.2. sponsor yardımı;
23.1.3. fiziki və hüquqi şəxslərin
ianələri;
23.1.4. reklamdan əldə olunan
gəlirlər;
23.1.5. audio və audiovizual proqramların
satışından daxilolmalar;
23.1.6. öz məhsulu olan serialların,
tamaşaların, bədii, sənədli, cizgi
və digər filmlərin satışından
əldə edilən vəsaitlər;
23.1.7. konsertlərin və şouların
təşkilindən daxilolmalar;
23.1.8. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə qadağan olunmayan
digər mənbələr.
23.2. Bu qanunun 23.1.1-ci maddəsi
qüvvəyə minənədək, digər mənbələrdən
əldə edilən gəlirlər də nəzərə
alınmaqla, ictimai yayımın məqsədlərinin
həyata keçirilməsi, fasiləsiz
fəaliyyəti və perspektivli inkişafı
üçün dövlət büdcəsindən hər il
artan miqdarda maliyyə vəsaiti
ayrılır və bu, dövlət büdcəsində
ayrıca sətirdə göstərilir.
23.3. Bu qanunun 23.1.1-ci maddəsi
qüvvəyə minəndən sonra da, digər
mənbələrdən daxilolmalar nəzərə
alınmaqla, ictimai yayımçının
perspektivli inkişafı üçün dövlət
büdcəsindən ayırmalar davam edir.
23.4. Dövlət büdcəsindən maliyyələşmə
dövlət hakimiyyəti orqanlarının
ictimai yayıma müdaxiləsi üçün
əsas ola bilməz.
23.5. İctimai yayım xidmətinin
abonent haqqı hesabına maliyyələşdirilməsi
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə tənzimlənir.
VI fəsil
Yekun müddəaları
Maddə
24. Abonentlərin hüquqlarının
qorunması
24.1. Hər kəsin ictimai yayımçıya
öz irad və təkliflərini bildirmək
hüququ vardır.
24.2. Baş direktor daxil olmuş
irad və təklifləri araşdırır,
lazım gəldikdə tədbirlər görür,
görülmüş tədbirlərin nəticələri
vaxtlı-vaxtında, lakin 3 aydan
gec olmayaraq mətbuatda dərc olunur.
24.3. İctimai yayımçı vətəndaşların
yalan informasiya verilməsi, şərəf
və ləyaqətlərinin alçaldılması,
işgüzar mövqelərinə zərər vurulması
barədə təkzib, düzəliş və cavab
verilməsi tələblərinə kütləvi
informasiya vasitələri haqqında
qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada əməl edir.
24.4. İctimai yayım zamanı hüququnun
pozulması barədə ərizə ilə müraciət
edən hər kəs öz vəsaiti hesabına
həmin verilişin audio və video
surətlərini ala bilər.
Maddə
25. Qanunun müddəalarının pozulmasına
görə məsuliyyət
Bu qanunun müddəalarının pozulmasına
görə fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə
26. Qanunun qüvvəyə minməsi
26.1. Bu qanun dərc edildiyi gündən
qüvvəyə minir.
26.2. Bu qanunun 23.1.1-ci maddəsi
2010-cu il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2004-cü
il